Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
***
salam, cənab dirijor!
saxla əlini bir az…
daha oxumasın xor,
eşqsiz oxumaq olmaz!
adam eşqdən oxuyar,
adam dərdi söyləyər…
gün gələr, dən qoxuyar
daraqtanımaz tellər…
ver, qırıb atacağam
“sehrsiz çubuğunu”…
sənə anladacağam
eşqin nə olduğunu…
dayan, cənab dirijor!
dinlə..
bu səs eşqindi…
ruhumuzda bəyazlar,
məsum həvəs eşqindi…
dəyişək yerimizi…
mən sevilim, sən də sev…
bizə yetər sevgimiz,
bir kitab, bir taxta ev…
gülüşümlə yu, axıt
üzündəki qrimi…
sən heyrət etdiyim büt,
mən-eşqin din xadimi!
Poçtalyona məktub
Qaytar mənim məktubumu,
Aparma yara, poçtalyon…
Qırma yarın ürəyini,
Eyləmə para, poçtalyon…
Dəyişik sal o ünvanı,
Başqa qapını silkələ…
O ağlayaraq oxuyar,
Başqaları gülə-gülə…
Qaytar geri günahımı,
Savabın da qoy bu olsun…
Girmə mənim günahıma,
Qıyma ki, gözləri dolsun…
Qaytar geri məktubumu…
Gəldiyi ünvana göndər…
Vallah, ağladacaq onu,
Titrəyəcək açan əllər…
Hirsini sənə tökəcək…
Ayrılıqdan yaman qorxar…
Ümid evini sökəcək,
Çətin bir də təzdən qurar…
Qaytar, poçtalyon, qaytar,
Vallah, mən də ağlayacam…
Ona doğru gedən yollar
Bu məktubla bağlanacaq…
Qaytar mənim məktubumu,
Aparma yara, poçtalyon…
Qırma yarın ürəyini,
Eyləmə para, poçtalyon…
Şəfa VƏLİYEVA,
Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı